Korporativ idarəetmə prinsipləri

“ENGINET” şirkəti öz fəaliyyətini ümumi qəbul edilmiş qabaqcıl korporativ idarəetmə prinsipləri əsasında qurmağa çalışır. Şirkətdə istinad edilən əsas korporativ idarəetmə anlayışları aşağıdakılardır:

  • İctimaiyyət qarşısında hesabatlılıq

Şirkət öz fəaliyyətində baş verən bütün yeniliklər və hadisələr barədə geniş ictimaiyyəti və tərəfdaşlarını vaxtlı-vaxtında məlumatlandırır. Bu məqsədlə şirkətin veb-saytından, eləcə də digər kommunikasiya alətlərindən istifadə olunur.  

  • Bütün maraqlı tərəflərin hüquqlarına hörmət edilməsi və maraqlarının nəzərdə alınması

Şirkət və onunla işgüzar və ya tərəfdaşlıq münasibətləri qurmuş bütün auditoriyalar (əməkdaşlar, partnyorlar, müştərilər, dövlət orqanları və digərləri) bu münasibətlərin qarşılıqlı etimad şəraitində inkişaf etməsində maraqlıdırlar. Bu səbəbdən, “ENGINET” şirkəti yürütdüyü qarşılıqlı münasibətlər çərçivəsində əməkdaşlıq etdiyi bütün maraqlı tərəflərin hüquqlarına hörmətlə yanaşır və daxili qərarvermə prosesində onların maraqlarını nəzərə alır. 

  • Etik davranış ideyalarının kultivasiyası

Ən mühüm aktivinin məhz əməkdaşları və müştəriləri olduğunu anlayaraq, şirkət hər iki tərəf arasında harmonik münasibətlərin təmin edilməsi üçün etik davranış ideyalarını təbliğ edir. Bu məsələlər şirkət daxilində tətbiq edilmiş “Korporativ İş Etikası” və “Müştərilərlə Rəftarla bağlı Daxili Qaydalar”la tənzimlənir.

  • Qərar qəbul etmə və risklərin idarə edilməsi

“ENGINET” şirkətində fəaliyyətə təsir edən qərarlar şirkətin inkişaf strategiyasına uyğun olmaqla qəbul edilir. Qərar qəbul etmə prosesində bütün ssenarilər təhlil edilir və istənilən vəziyyətə adekvat reaksiya verilməsi üçün potensial risklər müəyyən edilərək daxili prosedurlara əsasən qiymətləndirilir. Bu proseslərə effektiv nəzarət olunması üçün şirkətdə daxili auditor xidməti fəaliyyət göstərir. Eyni zamanda, hazırda şirkətdə İSO beynəlxalq sertifikasiya sisteminin tətbiqi istiqamətində də işlər aparılır.

  • Məsuliyyətli biznes və korporativ vətəndaşlıq

Biznesin yalnız kommersiya maraqları ilə məhdudlaşmadığı, həmçinin ictimai maraqlara da xidmət etməli olduğu mühüm məsələlərdəndir. Bunu anlayan “ENGINET” şirkəti öz resursları daxilində sosial əhəmiyyət daşıyan fəaliyyətlərdə yaxından iştiraka can atır və üzvü olduğu sosial mühitin qabaqcıl korporativ vətəndaşlarından birinə çevrilməyi hədəfləyir.

Qeyd olunanlarla yanaşı, şirkət daim ən qabaqcıl beynəlxalq korporativ idarəetmə standartlarını yaxından təqib edir və mümkün olduqda öz fəaliyyətinə tətbiq edilməsi ilə bağlı işlər həyata keçirir.