Şirkətin tarixi

Azərbaycanın internet xidmətləri bazarında aparıcı oyunçulardan olan “ENGINET” şirkəti 2009-cu ildə təsis edilmişdir. Fəaliyyətə başladığı ilk illərdə şirkət özəl sektora ADSL texnologiyası əsasında internet xidmətlərinin təqdim olunması ilə məşğul idi.

Zamanla texnoloji, inzibati və kadr potensialını gücləndirən şirkət öz xidmət çeşidini genişləndirərək yerli telekommunikasiya bazarının müxtəlif sahələrinə nüfuz etdi və yeni texnologiyaların ölkəyə gətirilməsi sahəsində əhəmiyyətli işlərə imza atdı. Belə ki, FTTH (Fiber To The Home, “mənzilədək fiber optik internet”) texnologiyasına əsaslanan internetə qoşulma modelinin ilk dəfə olaraq Azərbaycanda tətbiqi məhz “ENGINET” şirkətinin adı ilə bağlıdır.

2013-cü ildə şirkət qlobal internet şəbəkəsinə çıxışın təşkili sahəsində mövcud innovativ texnologiyaları araşdırmağa başladı və aparılan araşdırmalar nəticəsində GPON (Gigabit Passive Optical Network) texnologiyasına əsaslanan FTTH modelinin tətbiqi üzərində dayandı. 2013-cü ildən etibarən fiber optik internet xidmətlərini təqdim etməyə başlayan şirkət optik internet anlayışının ölkə əhalisinə və biznes sektoruna daha da yaxın olmasını təmin etmək üçün 2016-cı ildə “BİRLink” adı altında özünün yeni telekommunikasiya brendini yaratdı. “BİRLink” brendi ilə şirkət öz multiservis xidmətlər çeşidini ölkə üzrə ilk əvvəl paytaxtda və Abşeron rayonu ərazisində, daha sonra isə ölkənin bir sıra regionlarında təqdim etməyə başladı. Hazırda “BİRLink” abunəçiləri olan fərdi ev və mənzil sahibləri, eləcə də fiziki və hüquqi şəxslər yüksək keyfiyyətli və dayanıqlı optik internetdən, rəqəmsal IP telefoniya və televiziya xidmətlərindən, eləcə də digər texnoloji üstünlüklərdən rahatlıqla istifadə edirlər.

Beləliklə, fəaliyyətdə olduğu ötən 10 il ərzində “ENGINET” şirkəti özünün texnoloji və kadr potensialını davamlı olaraq gücləndirməklə adi internet provayderindən istənilən fərdi və biznes ehtiyacını təmin edə bilən kompleks telekommunikasiya həlləri verən sistem inteqratoruna çevrilməyi bacarmışdır.

Şirkətin tarixində əsas məqamlar:

  • 2009 – “ENGINET” şirkəti fəaliyyətə başlayıb
  • 2012/iyul – ilk özəl ADSL abunəçisi cəlb edilib
  • 2013/dekabr – ilk FTTH abunəçisi cəlb edilib
  • 2015/dekabr – “ENGINET” şirkətinə Milli Televiziya və Radio Şurası tərəfindən kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, IP TV) 6 il müddətinə lisenziya verilib
  • 2016/mart – “BİRLink” brendi bazara təqdim edilib
  • 2016/aprel – “BİRLink” brendi Şamaxıda fəaliyyətə başlayıb
  • 2016/may – “ENGINET” şirkəti “Bakcell” mobil operatoru ilə birgə uşaqlar üçün “Təhlükəsiz İnternet” layihəsinə start verib
  • 2016/iyun – “BİRLink” brendi Gəncə və Mingəçevirdə fəaliyyətə başlayıb
  • 2017/mart – “ENGINET” şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşı olub
  • 2018/noyabr – “BİRLink” brendi Şirvanda fəaliyyətə başlayıb