“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində paytaxt məktəblərində təhlükəsiz internetlə bağlı seminarlar təşkil edilib

Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı, “AzEduNet”,  “Enginet”, “Microsoft” və “Bakcell” şirkətlərinin iştirakı ilə paytaxt əktəblərində maarifləndirici seminarlar təşkil olunub.

Seminarlarda iştirak edən şagirdlərə ölkənin ən iri daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verilib. Bildirilib ki, sözügedən şəbəkə hazırda ölkə üzrə 2800-dən artıq ümumtəhsil müəssisəsini əhatə edir və təhsil müəssisələrini internet və intranet xidmətləri ilə təmin edir. Eyni zamanda vurğulanıb ki, ATŞ-nin başlıca üstünlüklərindən biri şagirdləri internetin zərərli təsirlərindən qorumasıdır. Belə ki, ATŞ vasitəsilə məktəblərə təqdim edilən internet onlayn mühitdə olan hər hansı arzuolunmaz məzmunlardan avtomatik qaydada təmizlənir və beləliklə, təhsilalanlar veb-məzmunlardan tədris və fərdi inkişaf məqsədləri üçün yararlanırlar.

Tədbirlər əsnasında həmçinin təhsil müəssisəsindən kənarda uşaqların təhlükəsiz internetdən istifadə etməsinin zəruriliyi qeyd edilib. Bu istiqamətdə şagirdlərə onlayn texnologiyaların və mobil telefonların daha məsuliyyətli və təhlükəsiz istifadəsi ilə bağlı  riayət etməli olduqları qaydalar barədə bəhs edilib.                 

Sonda şagirdlərə internetdən təhlükəsiz və faydalı istifadəyə dair müxtəlif maarifləndirici materiallar paylanıb.