ENGINET “First Lego League Azərbaycan” turnirinə növbəti dəfə dəstək olub

Cari ilin 6 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin təşkilatçılığı ilə “First Lego League Azərbaycan 2018/2019” robot texnologiyaları və mühəndislik turniri baş tutub.

Artıq ikinci ildir ki, “ENGINET” şirkəti sözügedən turnirin sponsorları sırasında yer alaraq tədbirin təşkilinə öz töhfəsini verməkdədir.

Turnirin builki mövzusu kosmosa həsr olunub və “İnformasiya orbiti” adlanır. Turnir çərçivəsində 10-15 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdirib. Yarışın münsiflər heyəti Türkiyədən dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olub.

Sonda turnir iştirakçıları medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar. Çempion olan iki komanda mayın 22-dən 25-dək Türkiyənin İzmir şəhərində keçiriləcək Türkiyə Beynəlxalq Açıq Çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan “FLL” 1998-ci ildən etibarən uşaqların elm və texnologiyalara olan maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunması ilə keçirilən turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub və yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda təmsil edib.