“Təhlükəsiz İnternet” layihəsi çərçivəsində maarifləndirici görüşlər davam etdirilir

Azərbaycanın ilk FTTH provayderi olan “ENGINET” şirkəti və ölkənin aparıcı mobil operatoru “Bakcell” şirkəti Respublika İncəsənət Gimnaziyasının şagirdləri üçün “İnternetdən təhlükəsiz istifadə” metodlarına dair maarifləndirici təlim təşkil edib.

Uşaqların təhsil müəssisələrindən kənarda internetin mənfi təsirlərindən qorunmasını hədəfləyən və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunan təlimdə Gimnaziyanın ibtidai sinif şagirdləri, valideyn və pedaqoji heyəti iştirak edib.

Layihənin məqsədi internetin zərərli məzmunlarından müdafiə yolları barədə ictimai maarifləndirməni yüksəltmək, valideyn və uşaqlara müdafiə metodlarını tanıtmaqla virtual dünyanı daha təhlükəsiz etməkdir.

Görüş zamanı şagirdlərə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar təqdim olunub. Görüşün sonunda iştirakçılara “ENGINET” və “Bakcell” tərəfindən promo hədiyyələr paylanılıb.

Qeyd edək ki, “ENGINET” şirkətinin  təqdim etdiyi “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli/arzuolunmaz məzmundan qoruya bilirlər.

Belə ki, “Bakcell” abunəçiləri “Təhlükəsiz İnternet” paketini istənilən cihazda – mobil telefon, planşet və ya kompüterdə aktivləşdirməklə övladlarını təhsil müəssisələrindən kənarda da təhlükəli onlayn məzmunlardan mühafizə edə bilər.