ENGINET internetin uşaqlara təsiri ilə bağlı sosial kampaniyaya start verir

Azərbaycanın ilk FTTH provayderi olan “ENGINET” şirkəti “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) ilə birgə “İnternetin uşaq psixologiyasına təsiri” mövzusunda birgə sosial kampaniyaya başlayıb.

Uşaqların təhsil müəssisələrindən kənarda internetin mənfi təsirlərindən qorunmasını hədəfləyən sosial kampaniya Azərbaycanın ilk FTTH provayderi olan “ENGINET” və Azərbaycanın aparıcı mobil operatoru “Bakcell” şirkətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunub.

Artıq iki ildir ki, “ENGINET” və “Bakcell” şirkəti birgə “Təhlükəsiz İnternet” xidmətini təqdim edir. Belə ki,  “ENGINET” şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları təhsil müəssisələrindən kənarda da zərərli/arzuolunmaz veb-məzmundan qoruya bilirlər.

Sözügedən sosial kampaniya çərçivəsində təşkil edilmiş ilk görüş PXTİB-in könüllülər və tələbə heyəti, eləcə də “Loqos”un valideyn və psixoloq heyəti üçün maarifləndirmə xarakteri daşıyıb. Görüşdə “Loqos”un kliniki psixoloqu Şahin Əliyev internetin uşaq psixologiyasına təsiri və mühafizə metodları barədə təlim proqramı ilə çıxış edib.

Təqdimatda ENGINET və Bakcell tərəfindən icra edilən “Təhlükəsiz İnternet” layihəsi və filtrasiya xidməti barədə də məlumat verilərək görüş iştirakçılarının sualları cavablandırılıb.

Sosial kampaniyanın davamı olaraq “Loqos”un psixoloq və pedaqoqları reabilitasiya prosesini tamamlayan və internetdən istifadəyə icazə verilən azyaşlıların valideynlərinə filtrasiya xidməti barədə məlumat verəcəklər.

Qeyd edək ki, “ENGINET” şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır.