Məktəblilər arasında keçirilən “Təhlükəsiz internet” mövzusunda videoçarx müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində elan edilmiş “Bakı şəhər məktəbləri arasında videoçarx müsabiqəsi”nə yekun vurulub. Azərbaycanın ilk FTTH provayderi olan “ENGINET” şirkətinin və ölkənin aparıcı mobil operatoru olan “Bakcell”  şirkətinin tərəfdaş olaraq dəstək göstərdiyi layihə çərçivəsində Bakı şəhərindəki 165, 280, 291, 211, 225, 177 və 271 saylı tam orta məktəblərin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, veb mühitdə mövcud olan təhlükələr və zərərli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə ətraflı məlumat verilib.

Layihə çərçivəsində elan olunmuş “İnternetdən təhlükəsiz istifadə” mövzusunda videoçarx müsabiqəsinin qalibləri də müəyyən olunub. 3 dekabr tarixində Bakı şəhəri 211 nömrəli tam orta məktəbdə qaliblərin təqdimat mərasimi keçirilib və qaliblərə mükafatlar təqdim olunub. Tədbirdə iştirak edən “ENGINET” və “Bakcell” şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların adından qaliblərə xüsusi hədiyyələr təqdim ediblər. Müsabiqənin nəticələrinə əsasən, 291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin,  Ramazanova Mədinə, Xəlilov Vüsal, Qəribova Fidan və Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə qalib olaraq seçilib.

Qeyd etmək lazımdır ki, artıq iki ildir Azərbaycanın ilk FTTH provayderi olan “ENGINET” şirkəti ölkənin aparıcı mobil operatoru olan “Bakcell” şirkəti ilə birgə özünün “BİRLink” brendi altında “Təhlükəsiz İnternet” xidmətini təqdim edir. Bu xidmət sayəsində “Bakcell” abunəçiləri “ENGINET” şirkətinin təqdim etdiyi internetin filtrasiyası imkanından yararlanaraq öz ovladlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları hər hansı zərərli və arzuolunmaz onlayn məzmundan qoruya bilirlər.