Videokonfrans

Müasir dövrdə biznes fəaliyyətində dayanıqlı və əlçatan kommunikasiyalar çox şeyi həll edir. Məsafədən asılı olmayaraq istənilən məkanda daim əlaqəyə çıxa bilmək imkanı qərarvermə prosesinin effektivliyinin artırılmasına müsbət təsir göstərir. Bu baxımdan, videokonfrans kimi rəqəmsal rabitə xidmətlərinin tətbiqinin genişlənməsi müəssisə və təşkilatların fəaliyyətlərinə öz töhfəsini verir.

Müəssisədə videokonfrans xidmətinin tətbiqinin bir sıra üstünlükləri vardır:

  • Səmərəliliyin artırılması – ofisi tərk etmədən, bir-birindən yüzlərlə, hətta minlərlə kilometr məsafədə yerləşən əməkdaşlar çox asanlıqla real zaman rejimində bir-biri ilə canlı video ünsiyyət qura və qrup halında əyani müzakirələr apara bilərlər ki, bu da qərarların çevik və effektiv qəbul olunmasına, nəticə etibarilə təşkilatın fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə səbəb olacaq;
  • Zamana və maddi resurslara qənaət edilməsi – videokonfransın rabitəsinin tətbiqi və istifadəsi bahalı və zaman aparan ezamiyyətlərə ehtiyacın aradan qalxmasına səbəb olur. Belə ki, əksər hallarda mövzuların müzakirəsini məhz videobağlantı vasitəsilə aparmaq və lazımi nəticələri təmin etmək mümkündür. Bundan əlavə, videobağlantı vasitəsilə gündəlikdə duran mövzuların müzakirəsi və materialların vizual olaraq paylaşılması məlumatların (təqdimatlar və s.) kağız daşıyıcı üzərində çapına və göndərilməsinə ehtiyac azaldır və ya aradan qaldırır ki, bu da resurslara qənaət və ətraf mühitin mühafizəsi işinə də töhfə vermiş olur;
  • Distant xidmət göstərmə imkanlarının yaranması – videokonfrans rabitəsi vasitəsilə telesəhiyyə, məsafədən təhsil və konsultasiya kimi xidmətlərin göstərilməsi mümkün olur ki, bu da analoji ehtiyaclar olan fəaliyyət sahələrində çalışan təşkilat və mütəxəssislər üçün olduqca faydalı və əvəzedilməz imkanlar verir.