Dövlət sektoru ilə tərəfdaşlıq

“ENGINET” şirkəti bir sıra dövlət qurumları ilə ölkənin ən böyük korporativ şəbəkəsi – Azərbaycan Təhsil Şəbəkəsi layihəsi çərçivəsində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq həm təhsil şəbəkəsinin əhatə dairəsinin davamlı olaraq genişləndirilməsi, həm də şirkətin öz biznes hədəflərinə çatması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Təhsil Şəbəkəsi – ölkə üzrə 2700-dən artıq təhsil müəssisəsini və təhsil orqanlarını vahid şəbəkədə birləşdirən intranet şəbəkəsidir. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri və qurumlar yüksək sürətli və ən əsası zərərli məzmunlardan filtrasiya edilmiş internetə çıxış əldə edir, daxili və müəssisələrarası intranetlə təmin olunur və IP-telefoniya, video-konfrans kimi xidmətlərdən istifadə etmək imkanı qazanır. Bütün bunlarla yanaşı, layihənin icrası təhsil müəssisələrinin internetdən istifadə xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına və beləliklə dövlət büdcəsinə qənaət edilməsinə yol açır.

Layihə çərçivəsində “ENGINET” şirkəti Azərbaycan Təhsil Şəbəkəsinin benefisiarı olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi, şəbəkənin operatoru olan “AzEduNet” MMC, həmçinin layihənin tərəflərindən biri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun tərkibinə daxil olan telekommunikasiya qovşaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlığın sayəsində ölkə üzrə ümumtəhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması prosesinin özəl sektorun imkanları hesabına ödənişsiz əsaslarla təmin edilməsi ilə bağlı işlək mexanizm hazırlanaraq tətbiq edilməkdədir. Bu cür yanaşma, öz növbəsində, dövlət büdcəsinin səmərəli və qənaətli istifadəsinə yol açmaqla, eyni zamanda özəl sektorun dövlət infrastruktur layihələrində yaxından iştirakını effektiv şəkildə təmin edir. Seçilmiş tərəfdaşlıq modelinə əsasən, vahid təhsil şəbəkəsinə qoşulmuş təhsil müəssisələri dayaq nöqtələri kimi istifadə olunaraq, özəl sektorun təmsilçisi olan “ENGİNET” şirkətinin hesabına ətraf ərazilərdə yerləşən yaşayış binalarına çəkilən fiberoptik bağlantı saylarının müəyyən qədəri keçdikdə həmin təhsil müəssisələri aylıq abunə haqqından azad olunurlar.