Özəl sektorla tərəfdaşlıq

“ENGINET” şirkətinin “Azərbaycan Təhsil Şəbəkəsi” layihəsinin operatoru olan “AzEduNet” MMC ilə əldə etdiyi razılaşmaya əsasən, layihənin icrası çərçivəsində ölkə üzrə təhsil müəssisələrinin fiber optik bağlantı (optik lifli rabitə kanalları) vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması həyata keçirilir. Eyni zamanda, layihənin tərəfləri olan müvafiq qurumlarla əldə edilmiş anlaşmaya əsasən təhsil müəssisəsinin ətrafında yerləşən yaşayış binalarının və qeyri-yaşayış sahələrinin optik lifli rabitə kanalları ilə təmin edilməsi də baş verir ki, bu da şirkətin biznes hədəflərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

“ENGINET” şirkəti iştirak etdiyi digər layihələr çərçivəsində də səmərəli tərəfdaşlıq modellərindən yararlanır. Belə ki, Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti ilə birgə həyata keçirdiyi “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində şirkət nümayəndələri mütəmadi olaraq ölkənin təhsil müəssisələrində görüşlər keçirir, İnternetdə təhlükəli və zərərli məzmunlardan qorunmağın yolları barədə şagird və valideynləri maarifləndirir, mövzuya aid açıq dərslərin və həvəsləndirici müsabiqələr təşkil olunur. Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu sosial məsuliyyət layihəsi 2016-cı ildən etibarən icra edilməkdədir.  

Bundan əlavə, “ENGINET” şirkəti “Bakcell” mobil operatoru ilə birgə şirkətin korporativ və fiziki abunəçilərinin güzəştli tariflər əsasında “Bakcell” mobil nömrələri ilə təmin edilməsi sahəsində də biznes əməkdaşlıq edirlər.

Beləliklə, “ENGINET” şirkəti hazırda ölkənin ilk mobil operatorunun tərəfdaşı olan yeganə sistem inteqratoru statusunu daşıyır.