Gənclər üçün seminar

Enginet şirkəti tələbələrə “İnternet şəbəkəsi xidmət təminatçısının gözü ilə” adlı seminar təşkil etdi.

Innovativ fiberoptik telekommunikasiya xidmətlərinin təminatçısı olan Enginet və Azedunet şirkətlərinin peşəkar işçi heyəti İT Step Akademiyasının tələbələrinə “İnternet şəbəkəsi xidmət təminatçısının gözü ilə” adlı seminar keçirib.

Seminarda Step İT Akademiyasının informasiya texnologiyaları sahəsində təhsil alan 100-dən çox tələbəsi iştirak etdi. Böyük maraqla qarşılanan tədbirin giriş hissəsində tələbələrə Enginet şirkətinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirildi ki, hazırda ölkənin paytaxt və bir sıra regionlarında Enginet şirkəti “Birlink” brendi altında bir fiber optik xətt (link) üzərindən çoxsaylı telekommunikasiya xidmətlərini yüksək keyfiyyətlə təqdim edirək, bu sahədə uğurla addımlayır və inkişaf edir.

Daha sonra Azedunet şirkətinin icraçı direktoru Renat Vitkalov “İnternet şəbəkəsinin əsas anlayışları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dünyanın global şəbəkəsi olan internetin ölkəmizdə mövcud vəziyyəti və gələcəkdə inkişafı barədə ətraflı məlumat verilib. Şirkətin digər nümayəndələri isə server otaqlarının saxlama qaydaları, yerli və xarici provayderlərinin şəbəkənin qurulmasında istifadə etdikləri internet protokol və standartları haqqında təqdimatlarla çıxış etdilər.

Tədbirin praktiki hissəsində iştirakçılara optik liflərin lehimləmə prosesi nümayiş olunub. Xüsusi marağa səbəb olan master klasda,  Enginet şirkətinin nümayəndə heyəti tələbələrlə optik kabelin quruluşu və növləri, onun lehimləmə işlərinə hazırlığı və prosesin son nəticəsini göstərməklə, bu sahədə peşəkar təcrübələri ilə bölüşdülər.